Kieslovski Kieslovskidən danışır

0
28

1982-ci ildə Polşadakı hərbi komendatura illərində film çəkmək çətinləşmişdi. Siyasi vəziyyət çox ağır idi. Küçələrə SSRİ əleyhinə şüarlar yazılırdı. Bu şüurlar haqda bir film çəkmək istəyirdim. Adətən gecələr yazılan bu şüarları səhərlər ya ağ boya ilə boyayır, ya da düzəliş edib kommunist şüarına çevirirdilər. Bundan əlavə məhkəmələr haqda sənədli film çəkmək istədim. Əslində, bədii film çəkmək istəyirdim, amma buna heç cür imkan yox idi. Məhkəmə mövzusu o dövrlərdə çox aktual idi. Adi bir “günah”a görə böyük cəzalar verirdilər. Misal üçün, küçəyə şüar yazmağa görə iki-üç il iş verirdilər.

Məhkəmə prosesində ədalətsiz qərar çıxaran hakimlərlə müttəhimlərin sifətini çəkmək istəyirdim. Film üçün icazə almağım iki aydan çox çəkdi. Bir tərəfdən bu işlərlə məşğul olarkən, digər tərəfdən də vəkillərlə tanış olur, onlardan real vəziyyəti öyrənirdim. Sənəd-sünəd, icazə prosesi çox uzandı. Çəkilişlər başlayanda siyasi təzyiqlər azalmış və məhkəmələr də xeyli yumşalmışdı.

Hakimlər məhkəmə zalında kameradan qorxurdular. Filmə çəkilmək onları narahat edirdi. Onlara aid kadrların on-iyirmi il sonra göstərilməsini istəmirdilər. Əlbəttə, onların imzaları məhkəmə hökmlərində, ən müxtəlif sənədlərdə var, heç nə gizli qalmır, lakin filmin gücü başqadır.

Əvvəllər bizə soyuq, bir az da şübhəylə baxan vəkillər müraciət edərək, onların məhkəmə prosesini də lentə almağı xahiş edirdilər. Məhkəmə zalında kamera vardısa, heç bir hakim həbs qərarı vermirdi. Neçə məhkəməyə getdiyimizi unutmuşam, amma bəlkə əlli, bəlkə də səksən idi. Çox zaman kameraya lent də qoymurduq. Və cəmi 7 dəqiqəlik materialım vardı. Bu kadrlarla montaja girmək mənasız idi. Film alınmamışdı.

Dövlət Sənədli Filmlər Studiyasına məktub yazaraq filmin yaradıcı heyətinə qonorar verilməsini xahiş etdim. Doğrudur, film alınmamışdı, lakin insanlar zəhmət çəkmişdi, mən öz haqqımı istəmirdim, insanların haqqı isə verilməli idi. Filmin uğursuz olmasının səbəbini də izah etdim. Məhkəmələr cəza verəcək, mən də müttəhim və hakimlərin üzünü çəkəcəkdim, lakin məhkəmələr cəza vermədiyi üçün kifayət qədər material toplaya bilməmişdim.

Məktubu göndərdim. Bir neçə gün sonra məni mədəniyyət nazirinin müavini yanına çağırdı. Məktubumu oxuduğunu dedi və məktubda deyilən fikirləri televiziyada deməyi məsləhət gördü. Mən məhkəmələrin heç kim haqqında həbs qərarı vermədiyi haqda danışmalı idim. Razılaşmadım. Məktubu daxili işlər nazirinə də gedib çatmış, o da yanına gələn müxalif intellektuallara oxumuşdu. Bir anda haqqımda şayiələr yayıldı. Çoxları məni agent saymağa başladı. Mən məktubu aparıb ziyalılara oxudum. Onlar mənə inandılar. Səs-küy bir az davam etsə də, axırda sakitlik yarandı.

 Polşa rejissoru Kşiştof Kieslovski (1941-1996) haqda yazılan “Kieslovski Kieslovskidən danışır” (Danusia Stok) kitabından bir parça

kulis.az 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here