Bir qızdır, adını bilmirəm… — Məhəmməd Çalğın

0
96

Tanınmış güneyli şair Məhəmməd Çalğın 1977-ci il martın 21-də Təbrizdə anadan olub. Şeirləri türkdilli ölkələrdə müntəzəm olaraq dərc olunur.

Məhəmməd Çalğının yeni şeirlərini təqdim edir:

Yuxularıma yapışır

Ətrini yorğanıma səpir
Özünü paltarından çıxardıb üstümə atır
Uçuqladır dodaqlarımı
Bir qızdır, adını bilmirəm.

Ayna

Saat
əlli beş, otuz iki dəqiqə, on bir saniyə
O çırağı söndürün lütfən
İşıq barmaqlarını gözümə soxur.
Alnımın sağ tərəfinə baxıram…
Saçlarım sol tərəfdən tökülüb, deyəsən.
Sol ovurduma baxıram
Üzümün sağ tərəfi çökülüb, deyəsən.
Sağ əlimdə sigaram
Yənı,
Sol əlimdə
Barmağımı uzadıram sol gözümə
Yəni
sağ gözüm soxulur barmağıma
Mən, burdayam hələ
Evimin içində
Sağı sol görürəm
Aynada.

Yoxsulluq

Kişi,
Zibilxanalardan yığdığı əşyalarla evə döndükdə
Sən,
Onları ayırarsan
Necə ki, ayırır səni…
Təlislərə doldurarsan sonra
Necə ki, uşaqlarının ciblərinə doldurursan…
Sabaha yavanlıq da yoxdur, bilirsən
Satarsan onları
Necə ki, satır(sən)arxa küçələrdə…
Sonra bu şeirdə
boş yerlərə yaza bilərsən
Yoxsulluq.

Səndən gözəl

Hər gün
Birazca salam
Birazca necəsən
Birazdan…
Hələlik!
Bu mamilə uzun sürəcək, alça gözlüm!
Məni karıxdırma!
O qumaşın altında kölgələnən limonlar
Mənim ağzımı sulandırmadan
Necə quruya bilərlər?
Əynindəki köynəyini çıxartsan
Görərsən ki, səndəki gözəlliklər
səndən gözəldir
Söhbətin sonu
Bir mesaj yaz…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here